Baş nazir Mamuka Baxtadze Prezident İlham Əliyevlə görüşüb

Avqustun 30-da Azərbaycanda rəsmi səfərdə olan ölkəmizin Baş naziri Mamuka Baxtadze Azərbayacan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşılayıb. Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış ediblər.

 

Cmedia xəbər veirir ki, İlham Əliyev çıxışında Gürcüstanın Baş nazirini  səmimiyyətlə salamladığını, Mamuka Baxtadzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, bu məsuliyyətli vəzifədə ona yeni uğurlar arzuladığını deyib.. Dövlət başçısı vurğulayıb ki, Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olduğunu xatırladıb, Azərbaycanın paytaxtı Bakı şəhərində gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat hissi oyatdığını deyib və bunu Azərbaycanın böyük iqtisadi tərəqqisinin göstəricisi kimi qiymətləndirib.

Mamuka Baxtadze iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm".

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze işçi nahar ediblər.

Login Form